Həyəcan, özünü sınamaq və məqsədə çatmaq üçün


Müəllimlərin işə qəbulu imtahanlarına dair iddialar və reallıqlar

Azərbaycan Texniki Universitetinin idman zalı. Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların keçirildiyi 3 zaldan ən böyüyündəyik. Burada 650 nəfər eyni vaxtda imtahan verir. Paralel olaraq 2 zalda da imtahan başlayıb. Həmin zalların birində 200, üçüncüsündə 160 nəfər tarix və coğrafiya müəllimliyinə imtahan verir. İyulun 25-dən start verilən imtahanlarda artıq 40 minə yaxın namizəd iştirak edib.

Samir müəllim mikrofonla imtahan iştirakçılarını təlimatlandırır. İmtahan qaydaları ilə tanışlıqdan sonra düyməyə basılır.

Hər şey qaydasında görünür. Tam sakitlikdir. Nəzarətçilər ortada gəzişir. Hamının gözü monitordadır. 

Yəqin “Başqa cür ola da bilməz, axı, imtahan verən müəllimlərdir”, - deyir, içimizdəki səs.

Telefon sevgisi imtahanı pozur

Amma burada öyrəndik ki, müəllim olmaq istəyənlər imtahanda uşaqdan da dəcəl ola bilər. İmtahan üçün ayrılan 90 dəqiqənin sonunda qarşısında duran real nəticəni qəbul edə bilməyib şikayətlərə, bəhanələrə başlayırlar.

Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır. Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu səbəbdən imtahandan çıxarılıb. Bu gün telefon və qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”.

Təhsil Nazirliyi yetkilisini dinləyə-dinləyə zalları dolaşırıq. İmtahan zallarında hər cür şərait var. Kondisionerlər işləyir, zallara çay və su da qoyulub. İmtahan verənlər arasında nəinki susayanlar, acanlar da olur. Komissiya acıdığını söyləyənlərin bu istəyini də təmin etməyə çalışır. Ancaq iştirakçıların tələbi bəzən İmtahan Komissiyasının da “boyunu aşır”. Məsələn, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər. Çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər. Dövlət İmtahan Mərkəzinin illərdir keçirdiyi imtahanlarda da telefonlar zala buraxılmır. Bu ənənəyə alışmaq, görəsən,  bu qədər çətindir?

R.Məmmədov deyir ki, əslində, daha məhdud dairədə olan imtahanlarda bunu reallaşdırmaq mümkündür: “45 min insanın 10 gün ərzində imtahanının təşkilindən söhbət gedir. Bu sistemi kiçik otaqlarda qurmaq çətinlik yaradır. Sıxlıq yaratmamaq üçün giriş və çıxışları ayırmışıq. Universitetin 3 ayrı küçəyə çıxışından istifadə etmişik. Bununla belə, yenə gərginlik müşahidə olunur. Əşyaların saxlanması üçün ayrıca yer təşkil etməyə cəhd etsəydik, indi nail olduğumuz vəziyyəti yarada, sıxlığın, ümumiyyətlə, qarşısını ala bilməzdik. Diaqnostik qiymətləndirmədə belə yerlər təşkil etmişdik. Say az olduğu üçün bu, mümkün idi. Nümunə üçün deyim ki, ötən il 24 min namizəd imtahan verdi. İmtahanlar İqtisad Universitetinin 400 nəfərlik zallarında keçirildi və 20 gün çəkdi. Bu il 48 min elektron ərizə verib, 45 min namizəd imtahanlarda iştirak edir. Onların imtahanı, müsahibə mərhələsi və yerləşdirilməsi sentyabrın 15-dək tamamlanmalıdır. Bunları nəzərə alanda, fiziki cəhətdən çatdırmağımız qeyri-mümkün olacaqdı. Odur ki, böyük tutumlu yerlər seçmək daha məntiqli idi”.

Milçək mane oldu

Müəllimlərin nə imtahanda, nə də imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa imkan verməyib.

Yeri gəlmişkən, imtahan zallarında səliqə-sahman yüksək səviyyədə idi.

Sarı kartlı masalar

Narazı qalanların başqa bir iddiası zallardakı sarı kartlı masalarla bağlıdır. İddiaya görə, tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. R.Məmmədov hesab edir ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur: “Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orda qoyub çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”.

Ümumiyyətlə, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. Çünki bütün sistemə nəzarət mexanizmi var. Şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub. Hətta “Sarı masada oturmaq istəyirəm”, - deyənlərin hər birinin bu arzusu yerinə yetirilib: “Bu iddiada olanların həmin masada imtahan verməsini təmin edirik. Hamının gözü sarı masada oturanda olur və özləri də şahid olurlar ki, sosial şəbəkədə yayılanlar absurddur”.

Ona görə də sarı masa həvəsi ilə gəlib oturub, ancaq xəyalları puç olub gedənlər çoxdur.

Bəs sarı kartlarla masalar niyə fərqləndirilib? R.Məmmədovun dediyinə görə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər sarı kartda bitir: “Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir.  Kartlar onların məsuliyyətini müəyyənləşdirir”.

Nəzarətə nəzarət

Qeyd edək ki, imtahanlar çox ciddi nəzarət şəraitində aparılır. Burada gözdən yayınma halları mümkünsüz görünür. Nəzarətçiyə supervayzer, supervayzerə koordinator, koordinatora nazirliyin işçiləri nəzarət edir, kameralar isə hamıya baxır və bütün hərəkətləri qeyd edir. Bir sözlə, imtahanlarda nəzarətə nəzarət mexanizmi tətbiq olunub. Bu qədər gözdən yayınıb nə müəllim telefondan istifadə, nə də nəzarətçi ona kömək edə bilər.

Nəzarətçilər kimlərdir?

Nəzarətçilərin imtahan verən şəxsə kömək edib-edə bilməyəcəyinə onların kim olduğunu biləndən sonra qərar vermək asandır. İmtahanlardakı nəzarətçilər tələbə- könüllülərdir. Formula 1 və İslam oyunlarında iştirak edən 70-80 nəfərdən ibarət könüllü imtahanlarda da nəzarətçidir. Onlar imtahan verənlərin kompüterlə bağlı hər hansı problemi olarsa, kömək edirlər. Eyni zamanda, imtahan zamanı iştirakçıları A4 vərəqləri ilə təmin edir və sakitlik yaradırlar.

Onların müəllimlərə kömək etməsi isə mümkün deyil. Əvvəla zal və hər bir iştirakçı tam nəzarət altındadır. Nəzarətçilərin özləri də bir-birinə nəzarət edirlər. İkinci bir tərəfdən könüllülər tələbələrdən təşkil olunan bir qrupdur. Nəhayət, bunu könüllülərin özləri də etmək istəməz. Söhbət müəllimlik peşəsindən gedir. Bu işin məsuliyyətini dərk edirlər və təbii ki, ən savadlıların seçilməsinin tərəfdarıdırlar. Bilirlər ki, burada birinə kömək etmək kiminsə haqqını tapdalamaq deməkdir. Kömək etdiyi müəllimin gələcəkdə onun övladına dərs keçməsi riskini gözə almaqdır. Odur ki, nəinki kömək edirlər, neqativ hal müşahidə edən kimi özləri müdaxilə edir, dərhal qarşısını alırlar.

İmtahandakı çoxsaylı “göz”lərdən biri, nəzarət mexanizminin bir halqası olan  Fəridə Ağazadə “Bir” Tələbə-Könüllü Proqramının koordinatorudur: “İmtahanlar yüksək səviyyədə təşkil olunub. Könüllülər burada çox həvəslə iştirak edirlər. Onlar üçün də çox maraqlıdır. İmtahanlarda fərqlənənlərə qarşı xüsusi maraq göstərirlər. Namizədlərə kömək barədə heç düşünmürlər də. Axı, söhbət müəllimlikdən gedir. Kiməsə kömək etmək, imtahanlarda yüksək nəticə göstərməsinə yardım etmək savadsız birinin uşaqlarımıza dərs deməsinə imkan yaratmaq deməkdir”.

Supervayzer Samir yenə iş başında

Könüllülərə nəzarəti supervayzerlər həyata keçirir. Supervayzerlərin heyətində marağımızı biri cəlb edir. Samir İbrahimov fiziki məhdudiyyətlidir. Təhsil Nazirliyinin bir çox tədbirində iştirak edib. Burada da supervayzerdir: “İmtahanlara məni həmişə cəlb edirlər. SABAH qruplarının da imtahanında iştirak etmişəm. Vəzifəmin öhdəsindən hər zaman gəlirəm”.

Ümumiyyətlə, Təhsil Nazirliyi fiziki cəhətdən məhdudiyyətli insanlara münasibəti ilə daim fərqlənir. Nazirliyin bu məsələdə qəti mövqeyi bu imtahanlarda da özünü göstərdi.

SABAH qruplarının ilk məzunu imtahanda

İmtahanın başlamasından 45 dəqiqə keçir. Artıq zallardan ara-sıra çıxanlar olur. Xanım Quliyeva ilk çıxanlardandır. SABAH qruplarının məzunlarındandır. İmtahana coğrafiya müəllimliyi üzrə qatılıb. 54 bal toplayıb. Tələsir. Ayaqüstü imtahanın təşkilini soruşuruq. Bir iradı yoxdur. Hər şey yaxşı idi, deyir.

Ondan soruşuruq ki, sarı kartlı masada oturmamışdı ki?

Çaşqın nəzərlərlə baxıb: “Yox. O nədir ki?”.

Bu da nəticə: sarı kartlı masada oturmayıb. 45 dəqiqədə 54 bal toplayıb çıxan namizəd müəllimliyin bir addımlığındadır.

Bu suallar müəllimlik üçün çox asandır

İmtahandan bir nəfər də çıxır. Mahir Sərkərli müəllim olmaq üçün deyil, suallarla tanış olmaq üçün imtahanlara girib. Dövlət İmtahan Mərkəzinin test suallarını hazırlayanlardandır. Sualların müəllimlik üçün həddən artıq asan olduğu qənaətindədir: “Özümü sınamaq üçün imtahanlara qatıldım. Hesab edirəm ki, kurikulum və məntiqə yer çox verilib. Sadəcə bu səbəbdən müəllimlər bal toplaya bilmir. Mən 46 bal topladım”.

İmtahan yaşa baxmır

İndiyədək imtahan verənlər arasında yaşlı namizədlər də olub. Onların arasında hətta 1956-cı ildə doğulanlar var. Yaşlı nəslin nümayəndələrindən imtahana “Əməkdar müəlim” də qatılıb. O, sadəcə, imtahan həyəcanını yenidən yaşamaq üçün builki imtahanlarda iştirak edib.

Yaşlı nəslin imtahandan çıxan bir nümayəndəsi ilə qarşılaşırıq. Leyla Quliyeva müəllimdir: “209 nömrəli məktəbdə Həyat bilgisi fənnindən dərs deyirəm. İmtahan verdim ki, artıq coğrafiyadan da dərs apara bilim. 25 bal topladım”.

1959-cu il təvəllüdlü daha bir müəllimlə söhbətləşirik. O da hazırda müəllimdir. Övladları Bakıda olduğu üçün imtahan verib paytaxt məktəblərində işə düzəlmək istəyir. Ancaq tələb olunan balı yığa bilmədiyindən “Azərbaycan müəllimi”nə nə balı, nə də adını demək istədi.

Ramiz Nəzərov isə çətinliklə də olsa, danışdı: “1960-cı ildənəm. Sumqayıtda “İstedad” liseyində direktor müaviniyəm. Həm də dərs deyə bilmək üçün imtahan verirdim. 52 bal topladım”.

Övladlarım mənimlə qürur duysun deyə müəllim olacağam

Və nəhayət, imtahanın daha bir seansı bitdi. Hamı imtahan zalından uzaqlaşır. Ancaq eyni sürətlə yox. Biri addımlarını sürüyür, o biri az qala qanadlanıb uçur. Yəqin addımlarının qətiyyəti də yığdıqları bala uyğundur.

Uçmağa qanad axtaranlardan biri yaxınlaşıb telefon istəyir. Fürsət bu fürsət deyib sevincini bölüşürük. Balammədova Aliyə ixtisasca coğrafiya müəllimi olsa da, müəllimlikdən uzaqlaşıb: “İxtisas seçimimdə atamın rolu olub. Həmişə deyirdi ki, qız ya müəllim olar, ya həkim. Məni də müəllim elədi. Ancaq heç müəllim işləmədim. Hazırda da şirkətdə işləyirəm. Ancaq 3 ildir müəllim olmaq üçün imtahan verirəm. Ötən il 45 bal toplamışdım. Bu il 53 bal yığdım. Rus bölməsində müəllim olacağam. Ancaq müsahibə mərhələsindən çox qorxuram. Orada nə soruşacaqlarını, məndən nə tələb olunduğunu bilmədiyim üçün ehtiyatlanıram”.

Müəllimliklə bağlı fikrinin dəyişməsinə nəyin səbəb olduğunu soruşuruq: “Artıq 3 ildir ki, atam deyənə gəlmişəm. Uşaqlarım valideynlərinin harda işlədiyini deyəndə qürur duymalarını istəyirəm. Uşaqkən mən də beləydim. Valideynlərimin işi ilə fəxr edirdim. Özümdən bilirəm ki, uşaqlar üçün bu, çox önəmlidir”.

Atası üçün müəllim olmayan Aliyə Balammədova övladları üçün olacaq.

Görmə məhdudiyyətli 3 namizədin verdiyi dərs

İmtahana girib qarşısına qoyulan suallara cavab vermək əvəzinə sarı kartlı masaları gözaltılayan, öz nəticələrindən deyil, imtahanların təşkilindən danışan müəllimliyə namizədlərdən fərqli olaraq, builki imtahanlarda görmə məhdudiyyətli 3 namizəd iştirak edib. Bu 3 namizəd suallarından və nəticələrindən başqa hər şeyi görən müəllimliyə namizədlərə yaxşıca dərs verib. Hər üçü 45 və 53 bal arasında ayrı-ayrı nəticələrlə növbəti mərhələyə vəsiqə qazanıb. R.Məmmədov bildirib ki, onlar üçün oxuyucu təmin olunub. Məntiqdən bir suala dəyişiklik edilib: “Məntiq sualı şəkillə bağlı idi. Biz həmin sualı dəyişdirdik. Könüllülərdən biri sualları oxudu, onlar da  cavab verdilər”.

Onlar belə  imtahan verdi

Biri həyəcan yaşamaq üçün, biri özünü sınamaq üçün, başqa biri qarşısına qoyduğu məqsədə çatmaq üçün imtahan verdi. İndiyədək imtahan verənlərdən ən yüksək nəticəni hələlik 1 nəfər göstərə bilib. Riyaziyyat müəllimliyinə imtahanlar zamanı fərqlənən Gəncə Dövlət Universitetinin məzunu Günay Allahverdiyeva 60 sualın hamısına düzgün cavab verərək maksimum bal toplayıb. Onun göstəricisini təkrarlayan olmasa da,  59 bal toplayanlar var.

Bu nəticələrlə bir gün də başa çatdı. Hər gün olduğu kimi, bu günün sonunda da iştirakçıların sayı, balları Təhsil Nazirliyinin bazasına ötürüldü. Sabah isə son gündür. Həmin gün müəllimlərin işə qəbulunda ən böyük mərhələnin başa çatacağı gün olacaq.