Bu gün TEOREM onlayn təhsil platformasının təqdimatı keçirilib
Bu gün Hilton Otelində TEOREM - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib. Təqdimat mərasimində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak edib.
Təqdimatı giriş sözü ilə açan layihənin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat verib.
O. Gündüz bildirib ki, TEOREM istər orta məktəb şagirdlərinin və abituriyentlərin, istər magistraturaya hazırlaşan tələbələrin, istərsə də müəllimlərin faydalana biləcəyi onlayn bir platformadır. O TEOREM-in imtahanlara daha səmərəli və effektiv hazırlıq prosesinin təşkili, imtahan vərdişlərinə yiyələnmək və biliyin istənilən an və istənilən formada, real vaxtda qiymətləndirilməsi üçün, məktəblər və hazırlıq kurslarına imtahan və hazırlıq prosesini sadə və səmərəli formada təşkili üçün unikal imkanlar yaradan bir təhsil resursu olduğunu diqqətə çatdırıb.
Sistem mövcud standartlara uyğun olaraq bütün auditoriyalar üzrə (orta məktəb, abituriyent, magistratura, dövlət qulluğuna hazırlıq, müəllimlərin işə qəbulu üzrə) onlayn və oflayn formada sınaq imtahanları təşkil etməyə, repetitorlar üçün onlayn imkanlar yaratmağa kömək edir.
TEOREM-in “Məktəbdaxili Qiymətləndirmə” bölməsi sizə istədiyiniz fənn, sinif, fəsillərə uyğun olaraq öz sınaq imtahanınızı yaratmaqda kömək edəcək. Layihənin rəhbəri həmçinin qeyd edib ki, burada tələbə və abituriyentlərlə yanaşı, müəllimlər üçün də xüsusi əhəmiyyətə malik platformadır:
“Müəllimlər üçün ayrılan bölmədə “Onlayn Repetitor” otağı yaradılır və hər bir müəllim(repetitor) burada öz şagirdləri ilə informasiya münasibətləri qura, onların nəticələrini izləyə və öz arzusuna uyğun qiymətləndirmə prossesini təşkil edə bilər. Bu sistem vasitəsilə müəllimlər(repetitorlar) hazırlaşdırdıqları uşaqlar üçün çətinlik səviyyəsinə uyğun olaraq xüsusi sınaqlar da tərtib edə bilirlər”.
Layihə rəhbəri Kurs/Məktəb Sınaq Sistemi haqqında da məlumat verib.
“Kurs/Məktəb Sınaq Sistemi TEOREM-in test bazasından istifadə etməklə Hazırlıq Kursları və Məktəblərə oflayn və onlayn sınaq imtahanları təşkil etməyə imkan verir. İmtahan verənlər sistemə daxil olaraq öz imtahan nəticələri öyrənə və ballarını hesablaya bilirlər”.
Həmçinin, saytda olan “Dinamika “ bölməsində müxtəlif auditoriyalar üzrə əvvəlki illərdə keçirilən rəsmi imtahanlar və sınaqlar yerləşdirilib. 2001-ci ildən başlayaraq bu tip imtahanların bazaya yerləşdirilməsi nəzərdə tutulub. Hazırda 2015 - 2017-ci illər üzrə müxtəlif imtahanlar və sınaqlar bazaya daxil edilib. İmtahanların nəticələri mövcud qaydalara uyğun olaraq hesablanır və nəticələri dərhal onlayn reimdə əldə etmək mümkündür.
TEOREM-də qeydiyyatdan keçən hər bir istiadəçi üçün geniş imkanlara malik virtual şəxsi otaq yaradılıb. Qeydiyyatdan yeni keçənlər üçün xidmətlərdən pulsuz istifadə imkanları var.
TEOREM-in test bazasına 100 000-dək test tapşırığı daxil edilib. Test bazası TEOREM-lə əməkdaşlıq edən müəllimlərin təqdim etdiyi test tapşırıqlarından və DİM-in açıq test bazasından istifadə edilərək formalaşdırılıb.
Hər bir test tapşırıqığı mövcud qaydalara uyğun olaraq ( çətinlik dərəcəsi, relevantlığı, mövzuya, fəsillərə, siniflərə, yeni proqramlara uyğunluğu və s. nəzərə alınmaqla ) kodlaşdırılaraq bazaya daxıl edilir və və test bazası münətəzm olaraq yenilənir.
TEOREM-in çoxsaylı xidmətlərindən daha effektiv istifadə üçün müxtəlif ödəmə üsulları
( plastik kart, SMS, E-manat, Portmanat və s.) mövcuddur.
Azercell şirkəti TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə üçün və mobil mühitə inteqrasiya məslələrinə dəstək verib. Bu baxımdan TEOREM-in SMS ödəmə xidmətlərindən də ilk növbədə Azercell abunəçilərinin istifadəsi mümkündür. Yaxın müddətdə digər operatorlar vasitısilə də ödəmə imkanları nəzərdə tutulub.
Təqdimat mərasimində Nəqliyyat , Rabitə və Yüksək Texnilogiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov, Təhsil Nazirliyinin şöbə müdürinin mümavini İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Fuad Mayılov, Azercell şirkətinin nümayəndəsi Sahilə İbrahimova, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, Təhsil İnstitunun şöbə müdiri Almaz Həsrət, təhsil ekspertləri Kamran Əsədov və Etibar Əliyev, məktəb direktorları Mənsum Abışov və Səkinə Rzayeva, Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə , AzTU-nun prorektoru İlham Pirməmmədov, Portmanat şirkətinin rəhbəri Telman Axundov, GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov çıxış edərək layihə ilə bağlı təbrikləri , təklif və arzularını bölüşüblər.
Çıxış edənlər TEOREM –in təhsilin modernləşməsində və keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacağını qeyd ediblər.
TEOREM-in Android və İOS əməliyyat sistemləri üçüm mobil tətbqiləri hazırlanıb . Mobil istifadəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yükləyə bilərlər.
Yaxın zamanlarda TEOREM-in özəl kupon sisteminin də işə salınacağı nəzərdə tutulub.
Sistemdə istifadəçilər üçün effektiv əlaqə imkanları, qarşıya çıxacaq suallara onlayn cavab tapmaq imkanları, hər bir gözlənilən suallara dərhal aydınlıq gətirən onlayn çat imkanları nəzərdə tutulub.
Layihənin ərsəyə gəlməsində peşəkar müəllimlərin, proqramçılar və dizaynerlərin daxil olduğu çoxsaylı komanda iştirak edib.
TEOREM onlayn təhsil platforması hazırlanarkən müxtəlif ekspertlər, təhsil qurumları və İT şirkətlərlə əməkdaşlıq edilib.
Qeyd edək ki, layihənin hazırlıqlarına 2015-ci ildən başlanıb.
Tədbirin bütün fotoları ilə buradan tanış ola bilərsiniz.